Türkiyənin ilk döyüş təyyarəsi “Kaan”, ilk pilotsuz döyüş təyyarəsi “Kızılelma”, inventarlara girəcəyi gün səbirsizliklə gözlənilən “Altay” tankı və daha bir çox quru, dəniz və hava platforması... Cümhuriyyətin 100-cü ildönümündə yolunu tam sürətlə davam etdirən Ankaranın bütün bu layihələrdə ən böyük çətinliklərindən biri də mühərrik məsələsidir...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda verdiyi “Təəssüf ki, necə baxsanız da, “Kızılelma”da yerli/milli mühərrik istehsalı 5 il çəkəcək” açıqlaması bu prosesi bir daha gündəmə gətirdi. Bəs Türkiyə indiyə qədər çox fərqli tarixlərin tələffüz edildiyi yerli/milli mühərrik məsələsində hansı mərhələdədir? Müdafiə sənayesi araşdırmaçısı Yusuf Akbaba təfərrüatları təqdim edir...
“Ən real tarixi eşitdik”
Akbaba izahatına Ərdoğanın “5 illik dövr” vurğusu ilə başlayır. O bildirir ki, “Kızılelma”nın mühərriki üçün verilən bu tarix “ehtiyatlı”dır. Akbabanın sözlərinə görə, burada əsas məqam əvvəllər oxşar layihələr üçün prezidentə verilən, lakin yerinə yetirilə bilməyən müddətlərdir. “Ona görə də cənab Prezidentin 5 ili ən real tarix kimi elan etməsi çox vacibdir”, - deyə Akbaba qeyd edir.
Verilən tarix üçün ən ehtiyatlı yol düşünülsə də, mötərizə açır və “Baykar”ın bu cür proseslərdəki performansına işarə edir. O, gözləntisini “Komandanın potensialını nəzərə alsaq, 5 ildən az müddətə hazır olması ehtimalı var” cümləsi ilə də çatdırır.
Təkcə komanda deyil... Akbaba insansız platformada istifadə ediləcək mühərrikin insanlı platformalarda istifadə ediləcək mühərrikdən daha rahat sınaq prosesinə sahib olduğunu da vurğulayır və bu reallığın da layihənin vaxtından əvvəl başa çatmasına kömək edə biləcəyinə diqqət çəkir.
“Kaan”ın mühərrikinin işlədiyini nə zaman görə bilərik?
“Kızılelma”nın mühərriki və 5 illik dövr təbii olaraq gözləri digər sahələrdə mövcud vəziyyətə çevirdi. Bu nöqtədə ilk ağla gələn layihə 2023-cü ilin dekabr ayının sonunda səma ilə görüşməyi hədəfləyən Milli Döyüş Təyyarəsi və ya “Kaan”dır.
“Kaan”ın sınaq uçuşunda ABŞ istehsalı olan iki mühərriklə havaya qalxacağı heç kimə sirr deyil... Bununla belə, yerli mühərriklə bağlı araşdırmalar davam edir. Mediada gedən xəbərlərdən bilirik ki, “Kaan”ın 2028-ci ildə yerli mühərriklə uçması planları var.
Yusuf Akbaba bu fikirdədir ki, “Kaan”ın mühərriki üçün verilən tarixlərdə çox ehtiyatlı olmaq lazımdır. O qeyd edir ki, TRMOTOR şirkəti iki ilə yaxındır Ukraynanın dəstəyi ilə mühərriklərin hazırlanması üzərində işləyir:
“Bundan əlavə, TEI-nin də öz tədqiqatları var. Mühərrikin 2028-ci ildə təyyarədə sınaqdan keçirilməsinə başlanılması nəzərdə tutulur. Düşünürəm ki, 2031-33-cü illərdə mühərrikin tam işlək vəziyyətdə olduğunu görəcəyik. Tariximizdə ilk dəfə olaraq bu təyyarə üçün beşinci nəsil təyyarə və mühərriklər istehsal edirik. Materiallar və texnologiya baxımından vacib bir yolumuz var. Layihənin çətinliyini nəzərə alsaq, TRMOTOR, TEI, “Kale” və hətta quru sistemləri üçün mühərriklər istehsal edən şirkətlərin bilik və infrastrukturundan birgə faydalanaraq, qüvvələri birləşdirmək lazımdır”.
“Sektordakı uğur mühərriklərdə əks olunmalıdır”
Təbii ki, Türkiyə müdafiə sənayesinin son illərdə insansız sistemlər, quru platformaları, radioelektron döyüş elementləri, dəniz və raket sistemlərində dünyada marağa səbəb olan uğurlara imza atması təsadüfi deyil. Ancaq sikkənin o biri üzündəki məsələlərdən biri də əvvəldə dediyimiz kimi mühərriklərdir. “Təəssüf ki, bir çox fərqli sistem və platformalarda əldə edilən uğurları mühərrik sistemlərində nümayiş etdirmək mümkün olmadı”, - deyə Akbaba qeyd edir.
Bu məqamda o, bəzi mühərrik layihələrinin ya gec başladığını, ya da nəticə vermədiyini qeyd edərək, başqa bir şərh verir və sözlərini belə yekunlaşdırır:
“Türkiyə müdafiə sənayesi yüngül zirehli vasitələr, raket sistemləri və MALE sinfinə məxsus Pilotsuz Uçuş Aparatları (PUA) üçün yerli mühərriklərin istifadəsinə keçdi, lakin biz hələ yolun başlanğıcındayıq. TEI tərəfindən hazırlanan TS-1400 turboşaft mühərriki, “BMC Power” şirkətinin “Utku - Batu” güc qrupu layihələri, TRMOTOR tərəfindən istehsal edilən reaktiv mühərrik və dəniz sistemləri üçün gələcək yerli mühərrik sistemlərinin ardınca Türkiyə müdafiə sənayesi xarici asılılığını əhəmiyyətli dərəcədə aradan qaldıracaq. Yuxarıda sadalanan layihələrin hamısı platformalara inteqrasiya edildikdə, “Türkiyə müdafiə sənayesinin ürəyi indi yerli və milli olaraq döyünür” ifadəsini rahatlıqla işlədə biləcəyik”.
Sevinc Əliyeva
Ordu.az